Uşaqları sosial şəbəkələrdən uzaqlaşdırmaq yox, rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək lazımdır"
Son illər rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqlar üçün yeni təhsil və inkişaf imkanları yaratmaqla yanaşı, onların təhlükəsizliyi ilə bağlı yeni çağırışları da gündəmə gətirib. Kiberbullinq, onlayn istismar, zərərli məzmun, rəqəmsal asılılıq və şəxsi məlumatların təhlükə altına düşməsi artıq dünyanın əksər ölkələrində dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Azərbaycanda da bu istiqamətdə mühüm addım atılaraq sosial şəbəkələrdə yaşın təsdiqi mexanizmlərinin tətbiqini nəzərdə tutan qanun dəyişiklikləri Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.
Hafta.az-ın müsahibi “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumovadır:
- Sosial şəbəkələrdə yaşın yoxlanılması ilə bağlı dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Bu qanunun qəbuluna ciddi ehtiyac var idi. Təşkilatımızın nəzdində fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidməti artıq 15 ildən çoxdur ki, 24 saat fasiləsiz fəaliyyət göstərir. Bu müddətdə xidmətə 85 mindən artıq müraciət daxil olub, təkcə bu ilin ilk altı ayında isə müraciətlərin sayı 3700-ü ötüb. Bu təcrübə bizə uşaqların rəqəmsal mühitdə üzləşdiyi problemləri yaxından görmək imkanı verir.
Belə hüquqi baza olmadıqda həm böyüklər tərəfindən uşaqlara qarşı, həm də uşaqların öz aralarında rəqəmsal mühitdə müxtəlif hüquq pozuntuları və təhlükəli hallarla rastlaşırıq. Qanun isə həm valideynlər, həm uşaq müdafiəsi sahəsində çalışan mütəxəssislər, həm də aidiyyəti qurumlar üçün aydın fəaliyyət çərçivəsi müəyyənləşdirir. Hamı hansı məsuliyyət daşıdığını, hansı hallarda hansı addımların atılacağını və hüquqi nəticələrin nə olacağını dəqiq bilir.
Mən bu qanunun ilkin müzakirələrində də iştirak etmişəm və hesab edirəm ki, vaxtında qəbul olunub. Dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq analoji qanunvericilik mövcuddur və əsas məqsəd hər yerdə eynidir – uşaqları rəqəmsal mühitin zərərli təsirlərindən vaxtında qorumaq.
- Son illərdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı ən ciddi problemlər hansılardır?
- Təcrübəmiz göstərir ki, bu gün bizi narahat edən əsas problemlər kiberbullinq, onlayn təhqir, psixoloji manipulyasiya, naməlum şəxslərlə təhlükəli ünsiyyət, şantaj, onlayn seksual istismar, şəxsi məlumatların yayılması, sosial şəbəkə və onlayn oyunlardan asılılıqdır. Valideynlər tez-tez bildirirlər ki, uşaqlar yaşlarına uyğun olmayan şəxslərlə dostluq edir, canlı yayımlar açır, tanımadıqları insanlarla ünsiyyət qurur, hətta bəzi hallarda real həyatda görüşlər təşkil edirlər. Bundan başqa, müxtəlif təhlükəli “challenge”lər, zorakılıq məzmunları və yaşa uyğun olmayan materiallarla qarşılaşma halları da kifayət qədər çoxdur.
Praktikada müşahidə etdiyimiz əsas problemlərdən biri valideynlərin bu riskləri vaxtında görməməsidir. Bir çox ailə düşünür ki, telefon və ya planşet uşağın sadəcə əyləncə vasitəsidir. Lakin problem artıq ağır mərhələyə çatdıqda vəziyyətin ciddiliyi ortaya çıxır.
Digər mühüm məqam isə uşaqların qorxu və günahkarlıq hissi səbəbindən yaşadıqlarını valideynləri ilə bölüşməmələridir. Xüsusilə regionlarda ailələr çox vaxt hara müraciət etməli olduqlarını bilmirlər. Məktəb psixoloqlarının imkanları da hər zaman kifayət etmir.
Bu səbəbdən Uşaq Qaynar Xətt Xidmətinə gecə saatlarında belə müraciətlər daxil olur.
- Yeni qaydalara əsasən 16 yaşadək uşaqların sosial şəbəkələrdə hesab açmasına icazə verilməyəcək, 16–18 yaş arasında isə valideyn razılığı tələb olunacaq. Bu yanaşma uşaqların maraqlarının qorunması baxımından nə dərəcədə effektiv görünür?
- Bu yaş həddi təsadüfi müəyyən edilməyib. Dünyanın bir çox ölkəsində də məhz 16 yaş əsas götürülür, bəzi ölkələrdə isə 15 yaş tətbiq edilir. Bu yaş həddi uşaqların psixoloji, fizioloji və idrak inkişafı nəzərə alınmaqla müəyyənləşdirilib.
Əsas məqsəd uşaqları rəqəmsal risklərdən qorumaqdır. Valideyn razılığı mexanizmi də təsadüfi deyil. Bu yanaşma uşaqla valideyn arasında ünsiyyəti gücləndirməyə xidmət edir.
- Bəzi çevrələr bu dəyişiklikləri “sosial şəbəkələrə qadağa” kimi təqdim edirlər. Sizcə, bu yanaşma nə dərəcədə doğrudur?
- Mən bu yanaşmanı düzgün hesab etmirəm. Burada söhbət qadağadan getmir. Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası və milli qanunvericilik açıq şəkildə göstərir ki, valideyn uşağın təhlükəsizliyinə və inkişafına görə əsas məsuliyyət daşıyan şəxsdir. Ona görə də bu qanun uşağın hüquqlarını məhdudlaşdırmır, əksinə, onun təhlükəsizliyini təmin edən müdafiə mexanizmi yaradır.
Necə ki, uşaqların əməyə cəlb olunması müəyyən yaş və valideyn razılığı ilə mümkündür, sosial şəbəkələrdən istifadə zamanı da eyni yanaşma tətbiq olunur. Məqsəd uşağı rəqəmsal risklərdən qorumaq, platformalarda daha məsuliyyətli istifadə mədəniyyətini formalaşdırmaqdır.
- Uşaqların hüquqlarının müdafiəsi ilə onların təhlükəsizliyinin təmin olunması arasında balans necə qorunmalıdır?
- Əslində, bu iki anlayış bir-birini tamamlayır. Uşağın hüquqlarını qorumaq onun təhlükəsizliyini təmin etmək deməkdir. Biz uşaqların ifadə azadlığını, informasiya əldə etmək hüququnu məhdudlaşdırmırıq. Əksinə, onların rəqəmsal imkanlardan təhlükəsiz istifadə etməsinə şərait yaradırıq. Bu gün internet uşaqların təhsili, inkişafı və dünyagörüşünün formalaşması üçün mühüm vasitədir.
Bütün hallarda üstün prinsip uşağın maraqları və təhlükəsizliyidir. Valideynlər uşaqların ifadə azadlığına mane olmadan onların maraqlarını qorumalı, rəqəmsal mühitdə təhlükəsiz fəaliyyət göstərmələrinə kömək etməlidirlər. Məhz bu balans qorunduğu halda həm uşaqların hüquqları təmin olunur, həm də onların rəqəmsal mühitdə üzləşə biləcəyi risklərin qarşısı alınır.
Valideyn hər gün heç olmasa 10–15 dəqiqə övladı ilə birlikdə onun istifadə etdiyi rəqəmsal mühitə baxmalı, maraqlanmalı, söhbət etməli və razılaşdırılmış istifadə vaxtına əməl olunmasına nəzarət etməlidir. Bu, nəzarət məqsədi daşımır, əksinə, uşağın təhlükəsizliyi və sağlam inkişafı üçün vacib olan valideyn iştirakının tərkib hissəsidir.
- Bu qanunun uğurlu tətbiqi üçün maarifləndirmənin rolu nə qədər vacibdir? Təkcə hüquqi mexanizmlər kifayət edəcəkmi?
- Maarifləndirmə bu qanunun uğurlu tətbiqinin əsas şərtlərindən biridir. Hesab edirəm ki, təkcə hüquqi mexanizmlərin mövcudluğu kifayət etməyəcək. Qanun hüquqi baza yaradır, lakin onun real nəticə verməsi üçün cəmiyyətin bütün iştirakçıları bu prosesə hazırlıqlı olmalıdır.
İlk növbədə, rəqəmsal mühit və sosial şəbəkələrlə bağlı maarifləndirmə genişləndirilməlidir. Bu proses yalnız valideynləri əhatə etməməlidir. Uşaqlarla birbaşa çalışan müəllimlər, məktəb psixoloqları, sosial işçilər, dövlət qurumlarının əməkdaşları, qeyri-hökumət təşkilatları, eləcə də rəqəmsal platformaların yaradıcıları və provayderləri də uşaq hüquqları sahəsində kifayət qədər məlumatlı olmalıdırlar. Onlar uşaqların hüquqlarını tənzimləyən prinsipləri bilməli, fəaliyyətlərinin hüquqi məsuliyyətini və qanunvericiliyin tələblərini aydın şəkildə dərk etməlidirlər.
Xüsusilə regionlarda bu sahədə müəyyən boşluqlar qalmaqdadır. Təcrübəmiz göstərir ki, bölgələrdə psixoloji və ixtisaslaşmış yardım xidmətlərinə çıxış imkanları məhduddur. Buna görə də dövlət tərəfindən bu istiqamətdə xüsusi proqramların hazırlanmasına, yeni xidmətlərin yaradılmasına və mövcud dəstək mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.
Digər mühüm istiqamətlərdən biri də mütəmadi monitorinqlərin aparılması və uşaqların öz fikirlərinin öyrənilməsidir. Uşaqlar qərarqəbuletmə proseslərində iştirak etməli, onların ehtiyacları və qarşılaşdıqları problemlər birbaşa özlərindən öyrənilməlidir. Bu yanaşma erkən müdaxilə və effektiv dəstək mexanizmlərinin qurulmasına mühüm töhfə verir.
- Dünyanın müxtəlif ölkələrində də sosial şəbəkələrdə yaş məhdudiyyətləri və yaşın təsdiqi mexanizmləri tətbiq olunur. Sizcə, Azərbaycanın yanaşması beynəlxalq təcrübə ilə nə dərəcədə uzlaşır?
- Hesab edirəm ki, Azərbaycanın qəbul etdiyi bu qanun beynəlxalq təcrübəyə əsaslanan və müasir çağırışlara cavab verən mühüm hüquqi addımdır. Bu istiqamətdə dünyanın bir sıra ölkələrində artıq müvafiq qanunvericilik qəbul olunub, bəzi dövlətlərdə isə yaşın təsdiqi mexanizmləri artıq tətbiq mərhələsinə keçib. Ona görə də Azərbaycanın da bu prosesə qoşulması və inkişaf etmiş ölkələrin tətbiq etdiyi yanaşmaları nəzərə alaraq müvafiq hüquqi çərçivə formalaşdırması olduqca müsbət haldır.
Bu, ilk növbədə onu göstərir ki, dövlət uşaqların hüquqlarını prioritet istiqamət kimi qiymətləndirir və rəqəmsal mühitdə yaranan təhlükələrin qarşısının vaxtında alınması üçün qabaqlayıcı mexanizmlər formalaşdırmağa çalışır.
Bununla yanaşı, qanunun tətbiqi prosesində xüsusi diqqət yetirilməli olan məsələlər də var. İlk növbədə, uşaqların hüquqlarının, şəxsi məlumatlarının və məxfiliyinin qorunması beynəlxalq standartlara uyğun şəkildə təmin edilməlidir. Beynəlxalq təcrübədə də məhz bu prinsiplər əsas götürülür və yaşın yoxlanılması mexanizmləri şəxsi məlumatların təhlükəsizliyi ilə balanslaşdırılır.
Qanun eyni zamanda sosial şəbəkə platformalarının sahibləri və rəqəmsal xidmət provayderləri üçün də mühüm mesajdır. Platformaları hazırlayan və idarə edən şirkətlər artıq məhsullarını yaradarkən uşaq müdafiəsi mexanizmlərini əvvəlcədən nəzərə almalı, təhlükəsizlik standartları tətbiq etməli, yaşa uyğun istifadə qaydaları müəyyənləşdirməli və öz platformalarında mütəmadi monitorinq aparmalıdırlar.
Mənim bildiyimə görə, qanunvericilikdə bu tələblərə əməl etməyən fiziki və hüquqi şəxslər üçün məsuliyyət tədbirləri və sanksiyalar da nəzərdə tutulur. Bu cərimələr təsadüfi xarakter daşımır. Onlar rəqəmsal platformaları uşaqların təhlükəsizliyinə daha məsuliyyətlə yanaşmağa təşviq edən hüquqi mexanizmlərdir.
- Bəzi valideynlər hesab edirlər ki, texniki qadağalar uşaqları tam qoruya bilməyəcək. Sizcə, uşaqların rəqəmsal təhlükəsizliyində əsas rol texnologiyaya, valideyn nəzarətinə, yoxsa rəqəmsal savadlılığın artırılmasına məxsusdur?
- Bu məsələdə hansısa bir amili digərindən üstün tutmaq düzgün olmaz. Uşaqların rəqəmsal təhlükəsizliyi yalnız bir vasitə ilə təmin edilə bilməz. Burada texnologiya, valideyn nəzarəti və rəqəmsal savadlılıq bir-biri ilə sıx bağlı olan və qarşılıqlı şəkildə tamamlanan üç əsas sütundur. Bu elementlərdən hər hansı biri zəif olarsa, ümumi müdafiə mexanizmi də tam effektiv işləməyəcək.
Cəmiyyət olaraq da unutmamalıyıq ki, uşaqların təhlükəsizliyi yalnız ailənin məsuliyyəti deyil. Bu, müəllimlərin, psixoloqların, sosial işçilərin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.